Ölkə 11:14 23.06.2022

Bu problem aradan qalxarsa, ölkədə narazılıq 70-80% azalar - Deputat

"Tək Fəzail Ağamalı deyil, Azərbaycanda günü-gündən baş verən bahalaşmanı etiraf etməyən yoxdur, millət vəkilləri, nazirlər, siyasi partiyalar və bütün cəmiyyət od tutub yanan qiymətlərdən danışır. Vəzifəli-vəzifəsiz, kasıb-varlı fərq etməz, ölkədə ciddi bahalaşma gedir. Bazarlara girmək mümkün deyil. Meyvələr, marketlərdə ərzaq olduqca bahadır. Və bu qiymətlər hər gün qalxır. Hər dəfə marketə girəndə görürsən ki, aldığın ərzaq və yaxud məhsul 5-10 qəpik bahalaşıb. Hər ay ərzində bu 20-30 qəpiyə çatır. İki aydan sonra bir ərzağın qiymətində 1-2 manat bahalaşma görürsən. Baş verən bahalaşma kasıb əhalini ciddi şəkildə vurur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev həmkarı Fəzail Ağamalının "Gilas ala bilmirəm” açıqlamasına münasibətində deyib. Deputat vəzifəli-vəzifəsiz, kasıb-varlı fərq etməz, ölkədə ciddi bahalaşma getdiyini açıqlayıb:

Razi Nurullayev hesab edir ki, Azərbaycanda baş verən bahalaşmanın qarşısını almaq çətin olacaq:

"Çünki biz heç zaman görməmişik ki, nəsə bahalaşanda onun qiyməti aşağı düşsün. Sadəcə olaraq neftin, qazın qiyməti qalxdığına görə sosial paketlər verilməlidir. Əmək haqları, müavinətləri artırmaq lazımdır. Bundan əlavə, həm də ailələrə neft, qaz gəlirlərindən müəyyən paketlər verilməlidir. Şərt deyil ki, pul şəkilində olsun, amma dəstək verilməlidir. Məsələn, uşaq pulu verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, 1 yaşından 18 yaşa kimi uşaqlara veriləcək pul hesablanıb və o 3 milyard edir. Şərt deyil ki, 1 yaşından 18 yaşa kimi verilsin. Olmasın 3 milyard, amma 1 yaşından 3 yaşa kimi uşaqlara pulsuz yemək verilməlidir, 1 yaşından 6 yaşa kimi də uşaqpulu vermək olar. Axı onlar bizim balalarımızdır”.   

Deputatın fikirincə, əgər bu problem aradan qalxarsa, ölkədə yaranmış narazılıq 70-80% azalar:

"Pensiyalar artırılmalıdır, bu məsələ heç zaman müzakirədən çıxmır. Ümid edirəm ki, bununla bağlı yaxın zamanlarda xoş xəbərlər eçidəcəyik”.

Qeyd edək ki, Milli Məclisin deputatı Fəzail Ağamalı ölkədə baş verən bahalaşmadan danışıb. Deputat "Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm. Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!” – deyə bildirib.

Bahar Rüstəmli