Siyasət 11:12 27.06.2022

Putin Tacikistan və Türkmənistana niyə gedir? - Politoloq

Rusiya Prezidenti Vladimir Putin bu həftə Tacikistan və Türkmənistana səfər edəcək. Düşənbədə Putin tacikistanlı həmkarı Emomali Rahmon ilə danışıqlar aparacaq. Putinin növbəti dayanacağı isə Aşqabad olacaq. O burada Xəzər sammitində iştirak etməlidir. 

Qeyd edək ki, bu səfərlər Putinin Ukraynanın işğalından sonra xaricə ilk səfərləri olacaq. Tacikistan iqtisadi cəhətdən olduqca ağır vəziyyətdədir. Əfqanıstanın Taliban rejimi də bu ölkəni təhdid altında saxlayır. Bundan başqa, Tacikistanla Qırğızıstan arasında hələ də gərginlik qalmaqdadır. Rusiya isə Qərbin sanksiyaları fonunda dərin iqtisadi böhran ərəfəsindədir. Yəni, bu mənada Düşənbəyə iqtisadi cəhətdən kömək etmək gücündə deyil. 

Qaynarinfo-ya açıqlamasında Putinin bu səfərini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Düşənbədə hansısa ciddi məsələlərin müzakirə ediləcəyini düşünmür:

"Çünki Tacikistanın imkanları çox məhduddur. Başı Talibana qarışıb. Əfqanıstandakı rejimdən çəkinir. Ölkə daxilində əhali çox kasıbdır, ciddi təbəqələşmə var. Rahmon ailəsi bütün ölkəni inhisara götürüb. Müxalifət isə siyasi üsullardan hərbi üsullara üstünlük verməyə keçib. Ölkə çox pərakəndə vəziyyətdədir. Daxildə parçalanma var. Tacik xalqının gələcəyi görünmür. Tacikistanla Qırğızıstan arasında münasibətlər gərgindir. Baxmayaraq ki, hər iki ölkə KTMT-nin üzvüdür. Belə bir şəraitdə Rusiya ona heç nə verə bilməyəcək. Çünki özü pis gündədir”. 

Ekspert bütün bunlara əsasən düşünür ki, Putinin Tacikistandakı görüşü sadəcə protokol səciyyəli görüşdür: 

"Görüşdə heç nə həll edilməyəcək. Çünki Tacikistandan heç nə asılı deyil”. 

Rüfət Sultan