Siyasət 12:21 23.06.2022

Türk birliyinin qarşısını heç kəs ala bilməyəcək - Politoloq

Son günlər bölgədə cərəyan edən proseslər yeni geosiyasi reallıqların formalaşmasından xəbər verir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya qarşı demarşı, keçmiş sovet məkanında yaradılan qondarma rejimləri tanımayacağını bəyan etməsi, "Aleksandr Nevski" ordenindən imtina etməsi dünya mediası tərəfindən geniş şərh edildi. Tokayevin demarşında "Çin izi” axtaranlarla yanaşı anqlosakson-türk birliyinin yarana biləcəyi ehtimalını irəli sürənlər də az deyil. Yeni dünya düzənin yaradılması uğrunda mübarizə getdiyi də göz önündədir. 

Bu müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri də diqqətdən kənarda qalmadı. Bəzi təhlilçilərə görə, London-Ankara-Bakı-Mərkəzi Asiya əməkdaşlığı yarana bilər. Böyük Britanıya Avropa Birliyini tərk etdikdən sonra mühüm addımlar atmağa başladı. Rusiyanın Ukraynaya təcavüzündən sonra London beynəlxalq münasibətlər sistemində daha aktiv rol oynayır.

London artıq Polşa, Baltikyanı ölkələr, Ukraynanın iştirakı ilə yeni birliyin yaradılmasının əsasını qoyub. Bundan başqa, İngiltərə ABŞ və Avstraliya ilə birlikdə yeni bir koalisiya yaradıb. Yuxarıda qeyd edilən anqlosakson-türk birliyinə gəldikdə, onun ikinci hissəsi yəni türk birliyinin yaradılması istiqamətində xeyli ciddi addımlar atılıb. Türk dövlətlərinin əlaqələri, əməkdaşlığı, müttəfiqlik əlaqələri geniş vüsət alıb. London bu birlikdə yer almaqla həm türk dövlətlərini Rusiya ilə Çinin təsir dairəsindən çıxarmaq, həm də ABŞ-ın dəstəyilə bölgədə öz mövqeyini gücləndirməyi düşünür. Bu fonda, son zamanlar Mərkəzi Asiya ölkələrinə diqqətin artması sözügedən birlikdə həmin regionun önəminin artmasını da göstərir. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, güclənən türk birliyinin gələcək perspektivi Londonu da onunla ciddi əməkdaşlığa sövq edir: 

"Böyük Britaniya öz strateji hədəflərinə yönəlik konkret siyasət yürüdür. Əvvəllər AB-yə bağlı olduğundan onun doktrinasına uyğun hərəkət etməli olurdu. İndi isə London müstəqil şəkildə öz ətrafında yeni güc mərkəzlərinin formalaşdırılmasında maraqlıdır və bu istiqamətdə artıq addımlar da atılıb. Britaniya ABŞ və Avstraliya ilə birlikdə Çinə qarşı üçlük formatı yaradıb. London habelə Şərqi Avropada Polşa, Ukrayna, Baltikyanı ölkələr və Türkiyənin iştirakı ilə yeni güc mərkəzinin yaradılması üzərində də işləyir”.

Ekspert qeyd edir ki, indi dünyanın yenidən şəkillənməsi prosesi gedir: 

"Dünyanın dəyişməsi də adətən baş verən böyük hadisələrdən sonra yaranır. Buna sinergetikada difurkasiya hadisəsi, yəni "çəngəl” hadisələri deyirlər. Çəngəlin müxtəlif yolları olsa da, onun yalnız biri qısa müddətli inkişafa aparan yoldur. Bu gün həmin istiqamətdə konkret strateji addımlar atılır. Yaranan güc mərkəzləri içərisində türk dünyasının birliyi məsələsi də ciddi şəkildə gündəmdədir. Türk dünyasının inteqrasiyası prosesində baş verən gediş-gəlişlər bilavasitə bunun göstəricisidir. Azərbaycan Prezidentinin Özbəkistana səfəri və imzalanan sənədlər də göstərir ki, türk dünyasının birliyi yönündə mühüm addımlar atılmaqdadır. Bu səfər bir daha göstərdi ki, Özbəkistan türk zənciri daxilində ciddi həlqələrdən biri olacaq. Perspektivdə Qazaxıstan da prosesə qoşula bilər”. 

Politoloq düşünür ki, regionda önə çıxan əsas güc mərkəzi türk birliyidir və Londonda da bunu anlayırlar: 

"Rusiya getdikcə zəifləyir. Bu ölkə yaxın 20 ildə ciddi güc mərkəzi olmayacaq. Belə olan təqdirdə, hər bir dövlət öz təhlükəsizlik sistemini daha zəmanətli və güclü mərkəzlərlə bağlamaq niyytindədir. Regionda önə çıxan ən güclü güc mərkəzi isə türk birliyidir. Bu gəlişmədən anqlosakslar da xəbərdardır. Getdikcə güclənən türk birliyinin perspektivini görən London da çalışacaq ki, həmin prosesin mərkəzində yer alsın. Britaniya məhz buna görə türk birliyilə əməkdaşlığın inkişafında maraqlı ola bilər. Ancaq anqlosakslara həmin prosesə nəzarət edə biləcək imkanların veriləcəyini də düşünmürəm. Türk birliyinin buna ehtiyacı da qalmayacaq. Çünki artıq türk dövlətləri ciddi şəkildə müasir texnoloji inkişaf prosesinə start veriblər. Bunu Türkiyədə başladılan və Azərbaycanda davam etdirilən "Texnofest” inqilabında da gördük”.

Rüfət Sultan