Dünya 10:18 23.06.2022

Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələri inkişafında yeni mərhələ başlayır

Türkiyə-Səudiyyə Ərəbistanının birgə bəyanatında ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni dövrə başlamaq əzmi vurğulanıb.

Qaynarinfo bu barədə Türkiyə prezidentlığının rəsmi saytına istinadən xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Ankarada keçirilən görüşdən sonra verilən birgə bəyanatda ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni dövrə başlamaq əzmi vurğulanıb.

Türkiyə Prezident Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Türkiyə-Səudiyyə Ərəbistanının birgə bəyanatında tərəflər regionun gələcəyinə xidmət etmək üçün tarixi qardaşlıq əlaqələri əsasında əməkdaşlığı inkişaf və davam etdirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.

Açıqlamada deyilir ki, danışıqlarda həmçinin ticarətin asanlaşdırılması, investisiya imkanlarının aşkarlanması və onları maddi tərəfdaşlığa çevirmək üçün kommunikasiyaların artırılması müzakirə olunub.

Açıqlamada tərəflərin önəm verdiyi regional və beynəlxalq arenada baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldığı bildirilib. Səmimi və qardaşlıq şəraitində keçən görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.

Tərəflər iki ölkənin böyük iqtisadi potensialını və Səudiyyə Ərəbistanının investisiya, ticarət, turizm, sənaye, mədənçıxarma, tikinti layihələri, nəqliyyat infrastrukturu və kənd təsərrüfatının inkişafı üçün 2030-cu ilə qədər potensialını vurğulayırlar.

Bəyanatda tərəflərin enerji sahəsində, xüsusilə neft və neft emalı, neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi, bərpa olunan enerji, karbohidrogen ehtiyatları üçün təmiz texnologiyalar, hidrogen daxil olmaqla, aşağı karbonlu yanacaq və enerji sektorunda lokallaşdırma sahələrində gözləntiləri ifadə olunub. 

Birgə bəyanatda həmçinin süni intellekt, rəqəmsal texnologiyalar və ağıllı şəhərlər sahəsində tərəfdaşlıq və investisiyaların inkişafı vurğulanıb və bu sahələrdə fəal olan özəl sektor aktyorları arasında əməkdaşlıq təşviq edilib.

Türkiyə Səudiyyə Ərəbistanının ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı "Yaşıl Ərəbistan” və Səudiyyə Ərəbistanının "Yaşıl Orta Şərq” təşəbbüslərini alqışlayır.
Tərəflər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konvensiyasının və Paris Sazişinin prinsiplərinə riayət edilməsinin vacibliyini və İqlim Sazişinin həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

Bəyanatın ardınca tərəflər iki ölkənin maraqlarına xidmət etmək, regionun təhlükəsizliyi və sabitliyinə töhfə vermək məqsədilə müdafiə sahəsində əməkdaşlıq sahəsində iki ölkə arasında imzalanmış müqavilələri aktivləşdirmək barədə razılığa gəliblər.

Səudiyyə tərəfinin Türkiyənin "Expo 2030” sərgisində Ər-Riyadın namizədliyinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyi də bildirilir.

Tərəflər əsas regional və beynəlxalq problemlər üzrə əməkdaşlığın intensivləşdirilməsi, əlaqələndirilməsi və fikir mübadiləsinin aparılması, regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsinə və möhkəmləndirilməsinə kömək etmək üçün səylərini bir daha təsdiqləyiblər.

Bölgədəki ölkələrin suverenliyinin pozulmaması lazım olduğunu vurğulayan tərəflər bölgədəki bütün böhranların siyasi həllinin tapılmasına və regionun gərginlikdən uzaq tutulmasına, təhlükəsizlik və sabitliyin təmin olunmasına dəstəklərini bir daha təsdiqləyiblər.
 
M.Arıf